
HEREND
Herend
1826-cı ildə Macarıstanda Herend manufakturası quruldu və bu, dərhal klassik sərt çini bilicilərinin diqqətini cəlb etdi. Məmulatın xüsusiyyəti ondan ibarətdir ki, onların ərsəyə gəlməsində yalnız əl əməyindən istifadə olunur və onlar əsl sənət əsərləridir.
1839-cu ildən bu yana “Herend” brendi öz üslubuna, formasına və naxışlarına görə Çin mədəniyyətinin ən yaxşı ənənələrini əks etdirən çini məhsulları istehsal edir. 1851-ci ildə Londonda çiçək dizaynında hazırlanan ən məşhur “Herend” naxışının təqdimatı keçirldi. Xoş parlaq rənglərdə çiçək açan pionların və kəpənəklərin təsvirləri burada öz əksini tapmışdı. Kolleksiya «Viktoriya» adını aldı və Qızıl medala layiq görüldü. Kraliça Viktoriya özü də bu cür sənət əsərlərinə laqeyd qalmadı və Vindzors sarayı üçün lüks bir çini qab dəsti sifariş etdi.
Bu marka həm də onun pərəstişkarları sırasında imperator Frans İosifin olması ilə də populyarlıq qazanmışdır. Herend manufakturası Habsburqlar ailəsi üçün çini məmulatların tədarükçüsü oldu. “Herend” dekorasiyalarının adları Apponi, Viktoriya, Battyani, Rotsşild kimi bir çox görkəmli çini həvəskarlarının adlarını xatırladır.
İndi manufakturanın məhsulları muzeydə və şəxsi kolleksiyalarda yer alır, markanın özü isə, beynəlxalq səviyyəli çini markası sayılır. Məhsulda əsas diqqət çininin minalı rənglənməsinə yönəldilmişdir. Bütün boya sağlamlıq üçün tamamilə zərərsizdir. “Herend” markasının fəaliyyəti «Macar İrsi» Mükafatı ilə təltif edilmişdir.