AZ

JAQUET DROZ

Jaquet Droz

Pyer Jake-Dro 1721-ci ildə La Şo-de-Fon yaxınlığında anadan olmuşdur. Ailənin yaşlı nəslinin nümayəndələri – Brant-di-Qrieren, Sandos, Rober onda saat işinə və dəqiq mexanikaya maraq yaratdılar. O, təbiətə və quşlara qarşı xüsusi sevgi duyurdu və bunları kəfkirli saatlarda, tütün qutularında, cib saatları və yaylı mexanizmlərdə canlandırırdı. 10 il ərzində 600-dən çox modeli Çinə göndərən “Jaquet Droz” saat ustaları bununla imperator Syanlunu ovsunladı və valeh etdi. Jaquet Droz, öz məhsullarını qadağan edilmiş şəhərə idxal edən ilk saat markası oldu. Hazırda imperator sarayının muzeyində çox sayda yaylı mexanizmlər və cib saatları saxlanılır.

XVIII əsrdən başlayaraq, qaynar minalama texnikası Jaquet Droz məhsullarının fərqləndirici xüsusiyyəti olmuşdur. Onlar müxtəlif ölçülü dənəvər tozlardan istifadə etməklə və düzgün alov gücünü seçməklə, qüsursuz formalı yastı siferblatlar yaratmağın sirrini mükəmməl şəkildə mənimsəmişdilər. Rəng və faktura baxımından qeyri-adi siferblatlar hazırlamağa imkan verən sehrli formulu yalnız onlar bilirlər. Mina örtüyü zamanın təsirinə davam gətirərək, əsrlər boyu öz gözəlliyini və parlaqlığını qoruyub saxlayır.

“The Eclipse” saatlarının siferblatı 8 ulduzla və Ayın gündən-günə dəyişən oyma təsviri ilə bəzədilmişdir. “Jaquet Droz” markasının ən məşhur modellərindən olan “Grande Seconde” isə, turbiyonla təchiz edilmişdir. Bu mürəkkəb saat funksiyası saat sənətində ən yüksək nailiyyəti təmsil edir və hərəkətin mükəmməl dəqiqliyinə zəmanət verir.

Uzun illərdir ki, Jaquet Droz ustaları sanki bir rəssam kimi saatların siferblatını relyefli naxışlarla bəzəyir və öz yaradıcılıqlarında quşları tərənnüm edirlər. İlk dəfə 2012-ci ilin Noyabr ayında ictimaiyyətə təqdim olunan “The Bird Repeater” saatları Jaquet Droz markasının ən yaxşı ənənələrini, sənətkarlığını və estetikasını özündə birləşdirirdi.

Markanın 275-ci ildönümü şərəfinə Şanxayda təşkil edilmiş qeyri-adi səyyar sərgidə dünyada ilk oxuyan quş formasında düzəldilmiş yaylı mexanizmə malik qol saatı olan “The Charming Bird” modelinin ilkin təqdimatı keçirildi. Yalnız məhdud sayda mütəxəssislər tərəfindən təqdir edilə biləcək “Tropical Bird Repeater” isə, “Jaquet Droz” markasının saat ustalarının və dizaynerlərinin sənətkarlıq zirvəsidir. Saatın çəhrayı qızılla haşiyələnmiş sədəf siferblatında tropik bağçanın al-əlvan rəngləri bərq vurur.

2014-cü ildə “Jaquet Droz” saatlarının mexanizmi köklü dəyişikliyə məruz qaldı: onun içərisinə silisium spiral və çevrilmiş qulaqcıqlı anker çəngəl yerləşdirildi. Olduqca möhkəm bir material olan silisiumun emal sirri yalnız bir neçə saat markasına məlumdur.

280 illik yubileyi münasibətilə «Jaquet Droz» sizi qeyri-adi dizaynı, nəfis materialları və unikal saat texnologiyalarını özündə birləşdirən eksklüziv məmulatlarda öz əksini tapmış Zamanın sehrli cazibəsini hiss etməyə çağırır.

Ətraflı