AZ

Barokkonun zərgərlik zəfəri

20 Avqust 2019 17:44

Qədim Misirdə sehrli xüsusiyyətlərə və heyrətamiz müsbət energetikaya malik yeganə qiymətli daş yaqut hesab olunurdu. Fironlar öz arvadlarına yaqut hədiyyə edərək, inanırdılar ki, daş dəriyə toxunduğu zaman onlara uğur və xoşbəxtlik gətirəcək.

Bu ecaskar əfsanədən ilhamlanan zərgər Roberto Koin, özünün hər məmulatına kiçik ölçülü yaqut əlavə edərək, bunu özünəməxsus ənənə halına salmışdır.

«Roberto Coin»ə məxsus zinət əşyaları – çoxəsrlik italyan sənətkarlığının və müasir dizayn texnologiyalarının vəhdəti hesab olunur. Hər biri əl işi olan nadir məmulatlar, cəsarətli və eyni zamanda zərif obrazın yaranması üçün ilham mənbəyidir.

«Roberto Coin»ə məxsus ən məşhur zərgərlik kolleksiyası, sözsüz ki, «Roman Barocco» kolleksiyasıdır. Bu klassik kolleksiya özündə Barokko dövrünün təfərrüatlı ornamental üslubunu əks etdirir. Kolleksiyaya daxil olan məmulatların dizaynı Roma tikililəri və ehramlarının memarlıq quruluşundan ilhamlanaraq yaradılmışdır və qızıl sapın toxunuş texnikası ilə əlaqədar olan iki fərqli obrazı özündə birləşdirir, bu isə Barokko üslubunda olan kolleksiyaların əsas motivini təşkil edir.

Bir tərəfdən, romanın teatral qübbələrinə bənzədilmiş əyri, girintili-çıxıntılı xətlərin dizaynı nəzərə çarpır, digər tərəfdən isə, Roberto Koin almazların köməyi ilə optik effekt yaradaraq, Barokko dövrü üçün əlamətdar olan təntənə və ehtişamı vurğulamağa çalışır. «Roman Barocco» kolleksiyasının hər bir zərif məmulatı dünyanınn istənilən yerində yaşayan zinət əşyaları həvəskarlarının ürəyini fəth edir.