Brilliantların kralından kraliça üçün saatlar
19 Avqust 2019 19:30
«Harry Winston» brendi Amerikanın «brilliant kralının» irsindən ilhamlanaraq yaradılmış “Harry Winston Emerald” saat kolleksiyasını təqdim edir. Dolğun rəngli siferblat, brilliantlar və korpusun özünəməxsus forması dərhal bu saatların «Harri Uinston» irsinə aid olduğunu büruzə verir.
1932-ci ildə Harri Uinston Nyu-Yorkda ilk zərgərlik salonunu açdı. Lap başlanğıcdan onun fəaliyyət istiqamətlərindən biri iri qiymətli daşların əldə edilməsi olmuşdur. Zərgər həmin daşların təbii gözəlliyini maksimum vurğulamaq üçün onları yenidən təraşlayırdı. Harri Uinston zümrüd təraşlamanı daha eleqant və effektiv hesab edirdi və tədricən bu təraşlama forması onun yaratdığı nümunələrin brend keyfiyyətinə çevrildi.
«Harry Winston Emerald»
Məhz zümrüd təraşlama «Harry Winston Emerald» modelinin yaradıcılarının ilham qaynağı oldu. Belə ki, bu təraşlama forması ağ və ya çəhrayı qızıldan olan korpusa səkkizbucaqlı forma verirdi. Korpusun qeyri-adi konturu «Harry Winston» loqotipi formasında səkkizbucaqlı elementlə vurğulanır ki, bu da siferblatda «saat 12» pozisiyasında yerləşdirilmişdir.
Çox vaxt Harry Winston yaradıcılığı göy rənglə assosiasiya olunur, bunun da səbəbi var. Öz əhəmiyyətinə görə Vindzor Kraliyyət Evinin kolleksiyasından sonra ikinci yeri tutan və tarixi qiymətli daşlardan və bəzək əşyalarından ibarət olan kolleksiyanın sahibi Harri Uinston bu daşların keyfiyyətinə, nadirliyinə və gözəlliyinə heç səhv etmədən qiymət verə bilirdi. Məhz buna görə də o, daha əvvəl Evelin Uolş Maklinə məxsus olmuş əfsanəvi «Houp» brilliantını əldə etməyə bilməzdi. 1958-ci ildə Harri Uinston 45,52 karat çəkidə olan və tünd göy rəngi qədər zəngin tarixi də insanı heyrətləndirən unikal «Houp» brilliantını Smitson İnstitutuna bağışladı. «Harry Winston Emerald» korpusunun nəcib səkkizbucaqlı forması dünyanın ən məşhur göy brilliantının quruluşunu xatırladır.
Siferblatın və qayışın dolğun göy rəngi bu saatla «Houp» brilliantı və Harry Winston zərgərlik sənəti arasındakı tematik əlaqəni göstərir. Göy rəngli siferblatın parıltısı klassik şəkildə təraşlanmış və «saat 3», «saat 6» və «saat 9» pozisiyalarında yerləşdirilmiş üç brilliantın parıltısı ilə qarışır. Çənbər, saatın qurulma düyməsi, korpusun dəlikləri və klassik ilgək ümumi çəkisi 0.53 karat olan və klassik şəkildə təraşlanmış 67 brilliantla bəzədilmişdir.
«Harry Winston Emerald» saatları göy rəngli laklanmış siferblata malik ağ qızıldan olan versiyada, yaxud da ağappaq, radial parladılmış siferblata malik çəhrayı qızıldan olan versiyada təqdim edilir. Bu il bu nəhəng Ev Baselworld zərgərlik və saat sərgisinin ərəfəsində həmçinin yeni məhsul olan çəhrayı qayışlı və ağ qızıl siferblatlı «Harry Winston Emerald» saatını təqdim edir.